az | ru | en

27 aprel 2020
“Faşizm üzərində qələbə uğrunda”. MAESTRO NİYAZİ




Bu dəfə Sizə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində qorunan Maestro Niyazinin Böyük Vətən Müharibəsi illərinə dair materialların bəzilərini təqdim edirik. Bunlar fotolar, o illərdə yazdığı əsərlərin proqramları, əlyazmaları, təltif olunduğu medal və onların vəsiqələridir.
Böyük Vətən Müharibəsinin ağır günlərində Niyazi gərgin yaradıcılıq və ictimai işlərlə məşğul olur, o, dəfələrlə hərbi hissələrə səfər edir, böyük siyasi-tərbiyəvi işlər aparır. Bir müddət Bakı hərbi dairəsinin mahnı və rəqs ansamblına rəhbərlik edir.
1941-ci ilin oktyabrında Azərbaycan Dövlət Opera və Balet teatrının kollektivi ilə birgə sovet əsgərlərinin qarşısında çıxış etmək üçün İrana səfər edir. Niyazinin dirijorluğu ilə teatrın tamaşaları, o cümlədən Ü.Hacıbəylinin “Koroğlu” operası çox böyük uğurla qarşılanır.
Niyazi İran səfərinin təsiri altında S.Rüstəmin sözlərinə qəmli “Təbrizim” mahnısını yazır.
1942-ci il mayın 22-də Azərbaycan Dövlət Opera və Balet teatrının səhnəsində Niyazinin rəhbərliyi ilə onun “Xosrov və Şirin” lirik-dramatik operası tamaşaya qoyulur. Dahi Nizami Gəncəvi yaradıcılığına olan dərin məhəbbətin təcəssümü olan opera musiqi dramaturgiyasının çoxplanlı olması, psixoloji gərginliyi, xor səhnələri və orkestr epizodlarının ifadəliyi ilə fərqlənir.
Azərbaycan musiqi həyatının parlaq səhifələrindən biri Niyazinin rəhbərliyi ilə 1944-cü ildə Ü.Hacıbəylinin “Koroğlu” operasının ilk dəfə rus dilində tamaşaya qoyulmasıdır. Həmin ilin dekabrında Zaqafqaziya respublikalarının Dekadası günlərində bəstəkar və dirijor Niyazinin sənəti yüksək qiymətləndirilir. Dekadanın simfonik konsert proqramlarında Niyazi Q.Qarayevin (Birinci simfoniya), C.Hacıyevin (Birinci simfoniya), S.Hacıbəyovun (Birinci simfoniya), F.Əmirovun (müharibidə həlak olmuş gənc bəstəkar M.İsrafilzadənin xatirəsinə həsr olunmuş simfonik poema) əsərlərinə uğurla dirijorluq edir. Burada Niyazi özünün Böyük Vətən Müharibəsinə həsr etdiyi “Döyüşdə” və “Xatirələr” simfonik əsərlərini də tamaşaçılara təqdim edir.
1945-ci ildə Azərbaycan Dövlət Opera və Balet teatrının səhnəsində Qara Qarayevin və Cövdət Hacıyevin birlikdə bəstələdikləri “Vətən” operasına Niyazi dirijorluq edir. Əsərdə alman işğalçılarına qarşı azadlıq mübarizəsində Azərbaycan xalqının qəhrəman oğullarının yaxından iştirak etməsi təsvir edilir. Əsərə görə hər iki müəllif Stalin mükafatına layiq görülürlər. Niyaziyə isə Əmək kitabçasına yazılmaqla təşəkür elan edilir (həmin Əmək kitabçası muzeydə qorunub saxlanılır).
Arxa cəbhədə olmasına baxmayaraq, digər bəstəkarlarımız kimi Niyazi də Böyük Vətən Müharibəsi illərində öz gərgin fəaliyyəti ilə qələbə üçün öz töhvəsini vermişdir.






Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.