az | ru | en

21 aprel 2020
XATİRƏ: MAHİR TARZƏN, PEDAQOQ KAMİL ƏHMƏDOV-100 (1920-1997)




Bu il aprel ayının 3-də XX əsr Azərbaycan milli musiqi mədəniyyətinin inkişafı tarixində müstəsna xidmətləri olan mahir tarzən, pedaqoq, muğam bilicisi, Əməkdar mədəniyyət işçisi Kamil Əhmədovun 100 yaşı tamam olmuşdur.
Kamil Əhmədov Asəf Zeynallı adına Bakı Musiqi Məktəbinin tar sinfində dövrünün məşhur tarzənləri Mirzə Mansur və Əhməd Bakıxanovdan dərs almışdır. Bakı Musiqi Məktəbinin IV kursunda tələbə ikən Böyük Vətən Müharibəsinin başlanması ilə əlaqədar cəbhəyə yola düşür. Faşizm uğrunda döyüşlər zamanı məşhur rus yazıçısı və mütəfəkkiri Lev Tolstoyun Yasnaya Polyanadakı muzey-malikanəsinin azad olunmasında və arxivinin xilas edilməsində bilavasitə iştirak etmişdir. Müharibədən sonra təhsilini davam etməyə imkanı olmadığı üçün Kamil Əhmədov Bakı Musiqi Məktəbində dərs deməyə başlamışdı. Uzun illər görkəmli xanəndə Seyid Şuşiniski ilə çiyin-çiyinə tarzən-müşayiətçi kimi fəaliyyəti göstərmiş, ömrünün axırınadək bu təhsil ocağında pedaqoji fəaliyətini davam etdirmişdir. Bir çox məşhur xanəndələrin yetişməsində Kamil Əhmədovun da xüsusi xidmətləri olmuşdur. Kamil Əhmədovun sinfini bitirən tarzən tələbələrin əksəriyyəti respublikamızın adlı-sanlı, fəxri adlara layiq görülmüş sənətkarlardır. Azərbaycan Respublikasının Xalq artisti, görkəmli tarzən Həbib Bayramovla yaxın dostluq münasibətlərində olmuşdur.
Kamil Əhmədov bəstəkar ürəkli tarzən və pedaqoq olmaqla yanaşı xalq çalğı alətlərimizin də mahir konstruktoru və bərpaçısı olmuşdur. Onun düzəltdiyi və zərgər dəqiqliyi ilə sədəflə bəzədiyi alətlər neçə-neçə sərgilərdə minlərlə insanı heyran qoymuşdur.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin ekspozisiyasında Kamil Əhmədovun sədəflə işlənmiş tarı və milli musiqi alətlərimizin sədəflə bəzədilmiş miniatür suvenir dəsti (tar, saz, kamança, dəf, nağara, qarmon, tütək, ud, balaban, zurna ) nümayiş olunur və böyük maraqla qarşılanır. Kamil Əhmədov 1990-cı illərdə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Xalq çalğı alətləri üzrə ekspert komissiyasının üzvü olmuş, xaricə aparılan muzey əhəmiyyətli neçə-neçə musiqi alətinin ölkəyə qaytarılmasında böyük xidmətləri olmuşdur.
Ömrünün yarım əsrdən artıq dövrünü Mirzə Sadıq, Mirzə Fərəc, Mirzə Mansur, Seyid Şuşinski, Qurban Primov və Əhməd Bakıxanov kimi görkəmli sənətkarlar məktəbinin təbliğinə və inkişafına həsr edən Kamil Əhmədovun xatirəsi həmişə yaşayacaqdır.
Sizi Kamil Əhmədovun Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin arxivlərində mühafizə olunan materiallarla tanış olmağa dəvət edirik






Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.