17 aprel 2020
“Faşizm üzərində qələbə uğrunda” FİKRƏT ƏMİROV.
Yolu döyüşlərdən keçən görkəmli bəstəkarımız Fikrət Əmirov.
Yaradıcılığının gənc illəri müharibə vaxtına düşüb. 1941-ci il noyabrın 27-də on doqquz yaşlı Fikrət Əmirov orduya çağırılır. O, rabitəçi kursunda təhsil almaq üçün 3 ay müddətinə Tbilisiyə göndərilir. Kursu başa vurduqdan sonra 1942-ci il iyunun 3-də Voronej cəbhəsinə göndərilir. O vaxt bəstəkar anasına yazdığı məktubda bildirir: “Sevimli anam və bacılarım! Mən sağ və salamatam. Mənim cəbhə yolum çox uzun oldu. Rostov vilayətini keçmişəm. Bu məktubu sizə Voronej vilayətinin Liski şəhərindən yazıram. Don çayını da keçmişik. Moskvaya yaxınlaşırıq. Hər tərəf qardır. Hələlik ki, heç bir maraqlı hadisə baş verməyib. Məndən Musaya, Adilə xalaya və bütün dost və tanışlara salam yetirin. Öpürəm səni. Fikrət.”
Döyüşlərin birində yaralanan Fikrəti Bryansk şəhərinin hərbi hospitalına müalicəyə göndərirlər.
Sağaldıqdan sonra orada bir neçə musiqiçidən ibarət ansambl təşkil edir. Özü həm ansambla rəhbərlik edir, həm də mandolinada ifa etməyi öyrənir. Həmin ansamblın repertuarına Azərbaycan xalq mahnı və rəqslərini də daxil edən gənc musiqiçinin bu xidmətləri çox bəyənilir. O, bu ansamblla hospitalda tez-tez konsertlər təşkil edir.
Müharibənin ağır günlərini yaşayan Fikrət Əmirov 1942-ci il noyabr ayında kontuziya alması ilə əlaqədar olaraq ordudan tərxis olunur.
1943-cü ildə Bakıya qayıdan Fikrət Əmirov həm Konservatoriyada təhsilini davam etdirir, həm də yeni yaradıcılıq ideyalarını həyata keçirmək uğrunda çalışır.
Bəstəkarın 1943-cü ildə yazdığı “Böyük Vətən Müharibəsi qəhrəmanlarının xatirəsinə” adlı simfonik poeması həm onun cəbhə təəssüratlarını, həm də mübarizliyini özündə əks etdirir. Fikrət Əmirov bu əsərini yaxın dostlarından biri, müharibədə həlak olmuş Məmməd İsrafilzadəyə həsr etmişdir.
Tədbirlər
|