az | ru | en

16 aprel 2020
“XATİRƏ” - MSTİSLAV ROSTROPOVİÇ




“Xatirə” rubrikamızı bu dəfə həmyerlimiz, dunya şöhrətli violonçel ifaçısı, pianoçu, bəstəkar, dirijor, pedaqoq, ictimai xadim Mstislav Leopoldoviç Rostropoviçə (27.03.1927-27.04.2007) həsr etmək, “M.Rostropoviç və Azərbaycan” mövzusunda danışmaq, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin arxivlərində mühafizə və nümayiş olunan materialları təqdim etmək istərdik.
Beləliklə, yüksək dvoryan gildiyasının nümayəndəsi, bir neçə nəsil musiqiçi ailəsinə mənsub olan Slava 1927-ci il mart ayının 27-də mavi Xəzərin sahilində, Bakı şəhərində dünyaya gəlmişdi. Onun atası Leopold Rostropoviç 1925-ci ildə Üzeyir Hacıbəylinin dəvətini məmnuniyyətlə qəbul edib Bakıya gəlmişdi. O zaman Bakıya dəvət olunmuş tanınmış və professional musiqi xadimləri ilə çiyin-çiyinə Azərbaycanda professional musiqi məktəbinin qurulması üçün çalışırdı. O, Azərbaycanda ilk simli kvarteti yaratmışdır. Leopold Vitoldoviçin tələbələrinin adı bu gün də professional musiqi tariximizdə fəxrlə çəkilir.
Beləliklə, ilk uşaqlıq dövrünü, 1931-ci ilədək, balaca Slava Bakıda yaşamışdır.
Mstislav Rostropoviçin istər sovet dövründə, istərsə də müstəqillik dövründə vətənlərindən biri olan Azərbaycanla sıx dostluq və mədəni əlaqələri var idi. 40 il Ümummilli liderimiz Heydər Əliyevlə onun dostluq əlaqələri olmuşdur. M.Rostropoviç Azərbaycan Dövlət Filarmoniyasında Maestro Niyazinin idarəsi ilə konsertlər vermişdir. Maestronun mənzilində qonaq olduğunu təsdiqləyən və muzeyin ekspozisiyasında nümayiş olunan fotoşəkillər onların dostluğunun bariz nümunəsidir. Sonralar, 70 illik yubileyi münasibətilə Bakıya gələndə Niyazinin artıq muzeyə çevrilmiş mənzilini ziyarət edərək maestro haqqında öz xatirələrini sevə-sevə bizimlə bölüşür. Onun Bakıya hər gəlişi musiqi bayramına çevrilirdi. 70 illik yubileyi münasibətilə Heydər Əliyev şəxsən ona “Şöhrət” ordenini təqdim edir. 75 illik yubileyi münasibətilə respublikamızın ali mükafatı olan “İstiqlal” ordeni ilə təltif olunur. 80 illik yubileyi münsibətilə isə Prezidentimiz İlham Əliyev tərəfindən “Heydər Əliyev”ordeni ilə təltif olunmuşdu.
“Bakı mənim ürəyim, mənim vətənimdir” sözləri M.Rostropoviçə məxsusdur.
Dahi musiqiçinin xatirəsi daim ürəklərdə yaşayır. Onu yad edir və sevirlər. Şəhərimizin mərkəzində onun ailəsinin yaşadığı küçəyə Rostropoviçlərin adı verilmişdir. M.Rostropoviçin abidəsi ucaldılmış, Leopold və Mstislav Rostropoviçlərin ev muzeyi (2002) fəaliyyət göstərir, M.Rostropoviç adına Beynəlxalq Musiqi festivalları keçirilir. Bakıdakı musiqi məktəblərindən birinə Leopold və Mstislav Rostropoviçlərin adı verilmişdir. Bütün bunlar dahi musiqiçiyə olan böyük hörmət və qiymətin nişanəsidir.






Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.