30 noyabr 2018
“Detaşe” violinoçular ansamblı Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin qonağı olmuşdur.
2018-ci il noyabrın 30-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Bakı Musiqi Akademiyasının professoru, Azərbaycan Respublikasının Xalq artisti Zəhra Quliyevanın rəhbərlik etdiyi “Detaşe” violinoçular ansamblı bu dəfə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin qonağı olmuşdur.
Muzeyin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova ansamblın yaradılmasının 10 illiyi münasibəti ilə təbrik etdi və muzeyin nəşri olan “Q.Qarayev Həyat və yaradıcılığı Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin materiallarında" və "Q.Qarayev Dram Tamaşalarına Musiqidən Fraqmentlər” not məcmuəsi kitablarını onlara hədiyyə etdi.
On yaşı tamam olan “Detaşe” ansamblının əsas fərqli xüsusiyyəti alət tərkibinin ancaq violinolardan ibarət olmasıdır. Uzun illər səmərəli fəaliyyət göstərən kollektiv müxtəlif konsert məkanlarında maraqlı layihələri ilə musiqisevərlərin dərin rəğbətini qazanmışdır.
Xalq artisti Zəhra Quliyeva çıxış edərək rəhbərlik etdiyi ansamblın yaradılması, fəaliyyəti və repertuarı barədə məlumat vermişdir.
Konsert proqramında “Detaşe” ansamblının üzvləri Mirqulamlı Xədicənin, Əsədova Ləmanın, Novruzova Turanənin, Kara Aytacın, Abdullayeva Ayselin, Rəsulova Şükufənin, Ələkbərli Günelin, Mehdizadə Aytacın, Nəsirli Fatimənin ifalarında Azərbaycan, rus və Qərbi Avropa bəstəkarlarının əsərləri səslənmişdir. “Detaşe” violinoçular ansamblını Səbinə Muradova müşayiət edirdi.
Tədbirlər
|