16 aprel 2018
“GNAWA"(MƏRAKEŞ) QRUPUNUN KONSERTİ
16 aprel 2018-ci il tarixində Azərbaycan Musiqi Mədəniyəti Dövlət Muzeyində “GNAWA” (Mərakeş) qrupunun konserti olmuşdur.
Tədbirdə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova giriş sözü ilə çıxış edərək bildirdi ki, konsert Mərakeş Krallığının Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə muzeyin “Dünyanın Musiqi Rəngləri” layihəsi çərçivəsində keçirilir. O, muzeyin dünya musiqi alətləri kolleksiyalarında Mərakeşin musiqi alətlərinin olduğunu xüsusi vurğuladı. Bu alətlərdən bəziləri tədbirdə nümayiş olundu. Alla Bayramova sözü Mərakeş Krallığı Azərbaycan Respublikasındakı səlahiyyətli səfiri Məhəmməd Adil Embarşa verdi.
Səfir Məhəmməd Adil Embarş çıxış edərək bu konsertin təşkilinə görə muzeyə təşəkkür etmişdir. Çıxışında Gnawa musiqisi, Mərakeşin minillik tarixində, sivilizasiyaların əsl kəsişməsindəki zəngin və müxtəlif mədəni irsinin əsas istiqamətlərindən biri olduğunu və “GNAWA”musiqi qrupunun ifa etdiyi “Krotal”, “Tanbur”, “Guembri” musiqi alətlərinin tarixi, hazırlanması, materialları haqqında məlumat vermişdir. Məhəmməd Adil Embarş Mərakeş musiqi alətlərinin muzeydə olmasından məmnunluğunu ifadə edərək bu alətlər haqqında ətraflı məlumat vermişdir. “GNAWA” musiqi qrupu ilə birgə muzeyin Qədim Musiqi Alətləri Ansamblının bədii rəhbər, Xalq artisti Munis Şərifov və ansamblın solisti Əməkdar artist Teyyub Aslanovun çıxışları tamaşaçılar tərəfində hərarətlə qarşılanmışdır.
Tədbirlər
|