16 mart 2018
Vaqif Mustafazadə - 78
16 mart 2018-ci ildə Bakı Musiqi Akademiyasında görkəmli azərbaycan musiqiçisi və bəstəkarı, “Caz-muğam” cərəyanının əsasını qoyan Vaqif Mustafazadənin xatirə gecəsi keçirildi. Gecəni tanınmış aparıcı və sənətşünas Tofiq Həsənsoy apardı. Giriş sözü ilə Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Muzeyinin filialı Vaqif Mustafazadənin ev muzeyinin müdiri Afaq Əliyeva çıxış etdi. O gecənin təşkilində Bakı Musiqi Akademiyasının (BMA) rəhbərliyinin böyük əməyini qeyd etdi. Birinci dəfə olaraq bəstəkarın əsərlərinin notunun buraxılması həyata keçirilmişdir. Vaqif Mustafazadənin musiqi əsərləri BMA-nın əməkdaşı, kafedranın dosenti Pərviz Quliyevin köməkliyi ilə nota köçürülmüşdür.
Sonra Akademiyanın müəllim və tələbələri, Azərbaycan Respublikasının əməkdar artisti Fuad İbrahimovun idarəsi ilə Bakı Musiqi Akademiyasının kamera orkestrinin iştirak etdikləri Vaqif yaradıcılığına həsr olunmuş konsert baş tutdu. Pianoçu Gülsüm Eldarova və Sevda Məmmədli Vaqif Mustafazadəyə həsr olunmuş əsərlərlə çıxış etdilər. Gecənin sonunda Azərbaycan Respublikasının əməkdar artisti Emil Əfrasiyab Vaqif Mustafazadənin orkestrlə fortepiano üçün konsertini yüksək səviyyədə ifa etdi.
Çıxışlar Vaqifin çııxşlarının nadir video yazılarının nümayişi və slayd-şou ilə müşayiət olunurdu. Tədbirin çəkilişi aparıcı azərbaycan telekompaniyaları tərəfindən həyata keçirildi. Gecədə Azərbaycanın yaradıcı xadimləri, BMA-nın müəllim və tələbələri, muzeyin əməkdaşları, mətbuat nümayəndələri iştirak etdilər.
Tədbirlər
|