7 sentyabr 2017
“Sənətlə döyünən qardaş ürəklər”. Niyazi-105 və Əhməd Adnan Sayqun-110
7 sentyabr 2017-ci il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Klassik Musiqi Həvəskarları Klubunun 110-cu - “Sənətlə döyünən qardaş ürəklər” tədbiri görkəmli dirijor və bəstəkar Maestro Niyazinin 105 və görkəmli türk bəstəkarı, musiqişünası, pedaqoqu, türk musiqi tarixində ilk operanın müəllifi Əhməd Adnan Sayqunun anadan olmasının 110 illiyinə həsr olunmuşdur.
Tədbirdə giriş sözü ilə çıxış edən Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova Niyazi və Ahmet Adnan Sayqunun milli mədəniyyətlərin inkişafında böyük xidmətləri olduğunu, onları geniş yaradıcılıq əlaqələri, Azərbaycan-Türkiyə mədəni, elmi əlaqələri, Azərbaycan bəstəkarları ilə Türkiyə şair və musiqiçilərinin dostluq, yaradıcılıq ənənələrindən danışmışdır.
Türkiyə Cümhuriyyətinin Azərbaycan Respublikasındakı səfiri Erkan Özoral çıxış edərək Türkiyə-Azərbaycan sənətçilərinin sarsılmaz dostluq və qardaşlıq əlaqələrindən danışmış, iki böyük sənətçinin Niyazi ilə Adnan Sayqunun qəlblərinin bir döyündüyünü, Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfiri olaraq Niyazinin mənzil muzeyində olmaqdan məmnunluğunu, iki qardaş Niyazi ilə Adnan Sayqunun xatirələri qarşısında ehtiramını, bu tədbirin keçirilməsində əməyi olanlara minnətdarlğını bildirmişdir. Muzeyin direktoru Alla Bayramova səfir Cənab Erkan Özorala təşəkkürünü bildirərək muzey nəşrlərindən - “Qara Qarayev. Həyat və yaradıcılığı Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin materiallarında” kitabını, Üzeyir Hacıbəyov “Ləzgi rəqsi” notunu, Niyazinin diskini hədiyyə etmişdir.
Muzeyin şöbə müdiri Xanım Abdinova Niyazinin və Adnan Sayqunun həyat və yaradıcılığı haqqında çıxış etmişdir.
Görkəmli tarzən, Xalq artisti Ramiz Quliyev Niyazi və Adnan Sayqun haqqında xatirələrini tədbir iştirakçıları ilə bölüşmüşdür.
Bütün çıxışlar muzeyin arxiv materialları əsasında hazırlanmış slayd-şou ilə müşayiət olunmuşdur.
Tədbirdə Bakı Musiqi Akademiyasının professoru, Əməkdar İncəsənət xadimi Ülviyyə Hacıbəyovanın (f-no), Əməkdar artist Aleksey Miltıxın (violonçel), Beynəlxalq Müsabiqələr laureatları Səidə Tağızadənin (f-no) və Nəriman Əmiraslanovun (f-no), Aydan Quliyevanın (vokal), Pərvin Nazirlinin (f-no) ifalarında Niyazinin, Adnan Sayqunun, Qara Qarayevin, Soltan Hacıbəyovun, Əfrasiyab Bədəlbəylinin əsərlərindən ibarət rəngarəng musiqi proqramı səslənmişdir.
Tədbirdə Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin, Nəsimi rayonu İcra Hakimiyyətinin, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Respublika Komitəsinin nümayəndələri, Azərbaycan bəstəkarları, musiqi xadimləri, KİV-nin nümayəndələri iştirak etmişlər.
Tədbirlər
|
|