12 yanvar 2017
"Yeni 2017-ci il mövsümündə caz ulduzu ilə görüş"
Yanvarın 12-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil muzeyində Klassik Musiqi Həvəskarları Klubunun yeni ildə ilk tədbiri keçirildi. İstedadlı pianoçu, bəstəkar, Əməkdar artist İsfar Sarabski muzeydə caz musiqisi həvəskarlarının görüşünə gəldi.
Görüş İsfar Sarabskinin yaradıcılıq yolunu əks etdirən slayd şou ilə başladı və muzeyin foyesində gənc pianoçunun uğurlu yaradıcılıq yolunu əks etdirən fotosərgi də qonaqlar tərəfindən maraqla qarşılandı.
Görüşü açıq elan edən Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramova tədbir iştirakçılarını salamlayaraq yeni ildə ilk görüşdən məmnunluğunu ifadə etdi. Bildirdi ki, İsfar Sarabski ilə görüş muzeyin daimi ziyarətçiləri tərəfindən arzulanan layihələrdən biri idi və nəhayət ki, yeni ilin ilk günlərində biz musiqisevərləri sevindirə bildik. Qonaq haqqında məlumatı diqqətə çatdıran direktor əlavə etdi ki, pianoçu-bəstəkar “Zirvə” Dövlət Mükafatı laureatı olmaqla yanaşı 2009-cu ildə İsveçrədə keçirilən pianoçuların “Montreux jazz festivalı”nın da qalibidir.
Daha sonra söz İsfar Sarabskiyə verildi. O, görüşdə iştirak edən hər kəsi salamlayaraq sənətinə olan diqqətə görə minnətdarlığını bildirdi. Təqdim edəcəyi proqramın dinləyicilər tərəfindən bəyəniləcəyinə ümidvar olduğunu diqqətə çatdırdı.
Görüş İsfar Sarabskinin ifasında rəngarəng musiqi nömrələrinin təqdimi ilə başladı. Bəstəkar müəllifi olduğu əsərlərlə yanaşı, ölməz Vaqif Mustafazadənin repertuarından popurrini tamaşaçılara təqdim etdi. Hər bir musiqi nömrəsi böyük alqış və sevgilərlə qarşılandı.
Sonra pianoçu-bəstəkar tamaşaçıları maraqlandıran çoxsaylı sualları cavablandırdı. Beləliklə yeni ildə caz ulduzu ilə ilk musiqili görüş uğurla keçdi.
Tədbirlər
|