5 oktyabr 2016
Xalq artisti Munis Şərifovla görüş
5 oktyabr 2016-cı il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi muzeyin filialı olan Niyazinin mənzil muzeyində Azərbaycan Respublikasının Xalq artisti, muzeyin Qədim Musiqi Alətləri Ansamblının bədii rəhbəri və konsertmeysteri, Azərbaycanda yeganə çəqanə ifaçısı Munis Şərifovla görüş keçirmişdir.
Tədbiri giriş sözü ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova açmışdır.
Tədbirdə muzeyin şöbə müdiri Xanım Abdinova Munis Şərifovun yaradıcılıq yolu və sənət uğurları haqqında çıxış etmişdir. Sonra Munis Şərifovun müəllimi, Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, professor Zemfira Qafarova, Xalq artisti Möhlət Müslümov, Azərbaycan Milli Konservatoriyasının professoru, sənətşünaslıq üzrə elmlər doktoru Abasqulu Nəcəfzadə, sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızı, Əli İsmayılov çıxış edərək Munis Şərifovu Xalq artisti fəxri adı alması münasibətilə təbrik etmişlər. Bütün çıxışlar onun həyat və yaradıcılıq yolunu işıqlandıran slayd-şou ilə müşayiət olunmuşdur.
Tədbirin bədii hissəsində muzeyin Qədim Musiqi Alətləri Ansamblının, Azərbaycan Respublikasının Əməkdar artisti, ansamblın solisti Teyyub Aslanovun, Əməkdar artist Zakir Əliyevin, müğənni Təhmiraz Şirinovun musiqili təbrikləri səslənmişdir.
Daha sonra Xalq artisti Munis Şərifov ona fəxri adın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ona göstərilən etimada, musiqi xadimlərinə qayğı və diqqətinə görə dərin minnətdarlığını bildirmişdir.
Tədbir Xalq artisti Munis Şərifovun virtuoz solo ifaları ilə başa çatmışdır.
Tədbirin qonaqları musiqi ictimaiyyəti, Azərbaycan Bəstəkarlar İttifaqının, Azərbaycan Milli Konservatoriyasının, Bakı muzeylərinin əməkdaşları, Klassik Musiqi Həvəskarları Klubunun üzvləri, KİV-nin nümayəndələri və başqaları olmuşlar.
Tədbirlər
|