21 oktyabr 2015
Azərbaycanın xalq artisti, baletmeyster, peşəkar rəqqas Əlibaba Abvdullayevin anadan olmasinin 100 illiyinə həsr olunmuş tədbir
21 oktyabr 2015-ci il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Azərbaycan peşəkar rəqs sənətinin banisi, rəqsimizin korifeyi, Azərbaycanın Xalq artisti Əlibaba Abdullayevin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə rəqqasın keçdiyi həyat və sənət yolundan söhbət açılmış, qızı Elmira Abdullayeva müəllifi olduğu və yeni nəşrdən çıxmış “Əlibaba Abdullayev” kitabını təqdim etdi, Azərbaycan rəqs sənətinin tanınmış simaları, Əlibaba Abdullayevin tələbələri və sənət dostları – əməkdar incəsənət xadimi, kino tədqiqatşısı Aydın Kazımzadə, əməkdar artist Aliyə Ramazanova, Nisəxanım Rəhimova, Əhməd Qurbanov, qardaşı qızı, bəstəkar Nailə Mirməmmədli, Milli EA-nın aparıcı elmi işçisi, fəlsəfə doktoru Məmmədağa Sərdarov onun haqqında xatirələrini iştirakçılarla bölüşmuşlər. Bütün çıxışlar muzeyin arxiv materialları əsasında hazırlanmış slayd-şou ilə müşayiət olunmuşdur. Əlibaba Abdullayevin rəqs ifası olan sənədli filmlərdən və rəqs quruluşu verdiyi bədii filmlərdən videogörüntülər nümayiş edilmişdir. Bakı Xoreoqrafiya Akademiyasının tələbələri Zəminə Sadıxzadə, Akif Kərimli və Tehran Mustafayevin ifalarında Əlibaba Abdullayevin quruluş verdiyi “Dağlar qızı”, “Naz eləmə” rəqsləri ifa olunmuşdur.
Tədbirin qonaqları musiqi ictimaiyyəti, Bakı Xoreoqrafiya Akademiyasının nümayəndələri, rəqs ustadları, Bakı muzeylərinin əməkdaşları, KİV nümayəndələri və başqaları olmuşlar.
Tədbirlər
|