az | ru | en

13-15 iyun 2013
Musiqi Muzeyləri və Kolleksiyaları Beynəlxalq Assosiasiyasının növbəti işçi görüşü


13-15 iyun 2013-cü il tarixlərində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyilə Bakıda Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Musiqi Muzeyləri və Kolleksiyaları Beynəlxalq Assosiasıyasının işçi görüşü keçirilmişdir.
7 aprel 2010-cu il tarixdə Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəsi Leyla xanım Əliyeva və Rusiya Federasiyasındakı Azərbaycan səfirliyinin iştirakı ilə M.İ. Qlinka adına Dövlət Musiqi Mədəniyyəti Mərkəzi Muzeyində “YUNESKO inciləri Moskvada: “Azərbaycan muğamı” adlı tədbir keçirilmişdir. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi və M.İ. Qlinka adına Dövlət Musiqi Mədəniyyəti Mərkəzi Muzeyi arasında birgə əməkdaşlıq haqqında müqavilə bağlanmışdır. Müqaviləni Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi tərəfindən muzeyin direktoru Alla Bayramova və M.İ. Qlinka adına Dövlət Musiqi Mədəniyyəti Mərkəzi Muzeyinin direktoru Mixail Arkadyeviç Brızqalov imzalamışlar.
2011-cu ildə M.İ.Qlinka adına Dövlət Musiqi Mədəniyyəti Mərkəzi Muzeyinin təşəbbüsü ilə Musiqi Muzeyləri və Kolleksiyaları Beynəlxalq Assosiasiyası yaradılmışdır. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi, M. İ. Qlinka adına Musiqi Mədəniyyəti Mərkəzi Dövlət Muzeyi və Sankt-Peterburq Dövlət Teatr və Musiqi Muzeyi arasında birgə mədəni əməkdaşlıq haqqında müqavilə bağlanmışdır. Hər üç muzey Musiqi Muzeyləri və Kolleksiyaları Beynəlxalq Assosiasiyasına təsisçi qismində daxil olmuşlar.
Asossiasiyaya MBD və xarici ölkələrdən onlarla muzeylər daxildir. Bu illər ərzində Assosiayanın müxtəlif ölkələrdə işgüzar görüşləri keçirilmişdir: Minsk şəhərində (22-23 avqust 2011-ci il), Sankt-Peterburqda (20-22 dekabr 2011-ci il), Rryazan vilayətində (Konstantinovo kəndi) (20-23 iyun 2012-ci il).
Bakıda keçirilən görüşdə Rusiya, Latviya, Qazaxıstan, Niderland, Almaniya, o cümlədən Saxa (Yakutiya) və Adıgeyadan 16 nəfər nümayəndə iştirak etmişdir. Assosiasiyanın işində Bakının musiqi ictimaiyyəti, ilk növbədə musiqi profilli muzeylər iştirak etmişdir. İşçi görüşünün əsas mövzuları: Azərbaycanda muzey quruculuğu, musiqi muzeylərinin işi, muzeydə ekspozisiya sərgi işinin müasir metodları və sairədir.
Görüş çərçivəsində 13 iyun 2013-cü il tarixində seminar keçirilmişdir.
Seminarın açılışı muzeyin Qədim Musiqi Alətləri Ansamblının musiqili salamlaması ilə başlamışdır.
Sonra söz Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Muzey İşi Sektorunun müdiri Azadə xanım Hüseynovaya verilmişdir. Muzeyin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar mədəniyyət işçisi Alla Bayramova “Azərbaycanda musiqi mədəniyyəti və muzey işinin inkişafında Heydər Əliyevin rolu” mövzusunda çıxış etmişdir. Onun çıxışı muzey materialları əsasında hazırlanmış slayd-şou və videoçarxla müşayiət olunmuşdur. Musiqi Muzeyləri və Kolleksiyaları Beynəlxalq Assosiasıyasının prezidenti, M.İ. Qlinka adına Ümumrusiya Musiqi Mədəniyyəti Muzeyləri Birliyinin baş direktoru Mixail Arkadyeviç Brızqalov Assosiasıyasının fəaliyyəti haqqında danışmışdır. Assosiasıyaya üzv olan muzeylər tərəfindən muzeyimizə hədiyyələr təqdim olunmuşdur.
Həmin gün seminar öz işini muzeyin filialı olan Niyazinin mənzil muzeyində davam etdirmişdir. Assosiasıyanın üzvlük məsələlərinin müzakirəsi və yeni üzvlərin qəbulu və s. müzakirələr aparılmışdır. Musiqi Muzeyləri və Kolleksiyaları Beynəlxalq Assosiasıyasının prezidenti, M.İ. Qlinka adına Ümumrusiya Musiqi Mədəniyyəti Muzeyləri Birliyinin baş direktoru Mixail Arkadyeviç Brızqalov “Keçən dövr ərzində Musiqi Muzeyləri və Kolleksiyaları Assosiasıyasının fəaliyyəti və 2013-cü ilin ikinci yarısı üçün perspektiv istiqamətlər haqqında” məruzəsi ilə çıxış etmişdir.
Müzakirələrdə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin müdiri Alla Bayramova, Qazaxıstan Musiqi Alətləri Muzeyinin elmi şöbəsinin müdiri Abzal Arıkbayev, Üzeyir Hacıbəyovlinin ev muzeyinin direktoru Sərdar Fərəcov, L.və M. Rostropoviçlərin ev muzeyinin direktoru Şeyla Heydərova iştirak etmişlər. Gənc istedadların ifasında görkəmli bəstəkarlardan Qara Qarayev və Arif Məlikovun əsərləri ifa olunmuşdur.
Assosiasiyanın işində iştirak edən muzey direktorları 13 iyun 2013-cü il tarixində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Naziri cənab Əbülfəs Qarayevin qəbulunda olmuşlar.
Həmin gün seminar öz işini Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində (Xocalı pr.1178) davam etdirmişdir. İştirakçılardan Dd Studio Layihəsinin meneceri İlze Zeqerte (Riqa, Latviya) “Nəqletmənin yeni üsulları”mövzusunda çıxış etmişdir.
Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində 17:00-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin hazırladığı “Azərbaycan-Rusiya:Musiqi paralelləri” adlı sərginin açılışı olmuşdur.
Sərgidə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi, M.İ. Qlinka adına Ümumrusiya Musiqi Mədəniyyəti Muzeyləri Birliyi, Böyük Teatr Dövlət Muzeyi, A.N. Skryabinin xatirə muzeyi, Belarus Respublikasının Teatr Tarixi və Musiqi Mədəniyyəti Muzeyi, N.A. Rimski-Korsakov adına Sankt-Peterburq Konservatoriyası Dövlət Muzeyi, E.F.Qnesinanın xatirə-ev muzeyinin təqdim etdiyi materiallar nümayiş olunmuşdur. Bu mövzu təsadüfü seçilməyib. Sərginin maraqlı cəhəti ondadır ki, tamaşaçılar Rusiya muzeyində saxlanılan Azərbaycan musiqi mədəniyyətinə aid materiallarla və ya əksinə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində isə Rusiya musiqi mədəniyyətinə aid materiallarla tanış olmaq imkanı əldə etmişlər. Tədbirdə Azərbaycan Respublikasının xalq artisti, tarzən Ramiz Quliyev və tələbələri, Saxa Respublikasının Əməkdar artisti, Umberto Cordano (İtaliya) adına opera müğənnilərinin Beynəlxalq müsabiqəsinin laureatı Anna Vasilyevna Dyaçkovskya (soprano), Saxa Respublikasının Əməkdar artisti, Yakutiya xalqlarının musiqisi və folkloru muzeyinin direktoru Aiza Petrovna Reşetnikova (fortepiano), Beynəlxalq Müsabiqələr və Azərbaycan Gənclər mükafatının Laureatı Ümidə Abbasova (skripka), Respublika Müsabiqələr Laureatı Tofiq Şıxıyevin (fortepiano) ifalarında konsert proqramı təqdim edilmişdir.

Sərgini giriş sözü ilə muzeyin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar mədəniyyət işçisi Alla Bayramova açmışdır.
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Aparatın rəhbəri Firudin Qurbanov, Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin rəhbəri Valentin Petroviç Denisov çıxış etmişlər.
İşçi görüşünün iştirakçıları 14 iyun 2013-cü il tarixində Heydər Əliyev Mərkəzinə getmiş, Mərkəzin fəaliyyəti ilə tanış olmuşlar.
Seminar Qobustan Milli Tarix-Bədii qoruğunda (YUNESKO-nun Mədəni irs siyahısına daxil edilmişdir) davam etmişdir. Qoruqda “Muzeydə ekspozisiya-sərgi işinin müasir metodları” adlı seminar keçirilmişdir. Qobustan Milli Tarix-Bədii qoruğunun direktoru, tarix elmləri namizədi Məlahət Fərəcova, Niderland Krallığı Mədəni İrs Agentliyinin təhsil departamentinin direktoru Dirk Hutqraaf, M&L MEDIASERVİCE Almaniya Archimedes Exhibitions kompaniyası nümayəndəsi Sergey Muxametov və M.İ.Qlinka adına Ümumrusiya Musiqi Mədəniyyəti Muzeyləri Birliyi, Musiqi Muzeyləri və Kolleksiyaları Assosiasıyasının məsul katibi Larisa Çirkova çıxış etmişlər, müzakirələr aparılmış, iştirakçılar üçün ekskursiya aparılmışdır.
15 iyun 2013-cü il tarixində işçi görüşünün iştirakçıları Bakının görməli yerləri və musiqi muzeyləri ilə tanış olmuşlar : Üzeyir Hacıbəyovun ev muzeyi, L.və M. Rostropoviçlərin ev muzeyi və Vaqif Mustafazadənin ev muzeyi, İçərişəhər qoruğu (Köhnə şəhər).
15 iyun 2013-cü il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində işçi görüşün yekun iclası keçirilmişdir. Musiqi Muzeyləri və Kolleksiyaları Beynəlxalq Assosiasıyasının prezidenti, M.İ. Qlinka adına Ümumrusiya Musiqi Mədəniyyəti Muzeyləri Birliyinin baş direktoru Mixail Arkadyeviç Brızqalov çıxış etmiş, Musiqi Muzeyləri və Kolleksiyaları Beynəlxalq Assosiasıyasının iştirakçılarına diplomlar təqdim etmişdir.





seminarlara








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi





UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.