az | ru | en

7 avqust 2021
XOREOQRAFİYA SƏNƏTİNİN ULDUZU – RƏFİQƏ AXUNDOVA


7 avqust 2021-ci il tarixində Azərbaycan baletinin canlı əfsanəsi, rəqqasə, baletmeyster, Xalq artisti RƏFİQƏ AXUNDOVANIN yubileyidir.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin kollektivi Rəfiqə Hacı qızı Axundovanı yubileyi və “Şöhrət” ordeni ilə təltif olunması münasibətilə ürəkdən təbrik edir, sevimli sənətkarımıza möhkəm cansağlığı və uğurlar arzu edir.
Rəfiqə Axundova 7 avqust 1931-ci ildə Bakıda anadan olub. Rəqsə olan marağı onu Bakı Xoreoqrafiya Məktəbinə gətirib. O, buradakı təhsili ilə kifayətlənməyərək məktəbi bitirən kimi Moskvada Böyük Teatrda təkmilləşmə kursu keçib. 1951-ci ildən ömrünü və yaradıcılıq fəaliyyətini Azərbaycan Opera və Balet Teatrına bağlayan Rəfiqə Axundova 20 il burada solist kimi çalışmışdır. Sonra uzun müddət həmin teatrın baletmeysteri olmuş, 1990-cı ildə isə baş baletmeysterliyə yüksəlmişdir. Hazırda təqaüddə olan Rəfiqə Axundova, mütəxəssislərin də dediyi kimi, Azərbaycan xoreoqrafiyasının banilərindən sayılır.
O, "Qız qalası" (Ə.Bədəlbəyli), "Yeddi gözəl", "İldırımlı yollarla" (Q.Qarayev), "Gülşən" (S.Hacıbəyov), "Məhəbbət əfsanəsi" (A.Məlikov), "Baxçasaray fontanı" (B.Asafyev), "Jizel" (A.Adan) və s. baletlərdə əsas partiyaların ifaçısı olub. Görkəmli bəstəkar Qara Qarayevin baletlərində Rəfiqə Axundovanın özünəməxsus ustalıq və məharətlə yaratdığı obrazlar o qədər fərqli və təsiredici idi ki, hətta bəzən həyatda ona Aişə, Gözəllər gözəli, Fanni deyirdilər. Rəfiqə Axundova həm də yaradıcı baletmeyster olub. O, həyat yoldaşı Maqsud Məmmədovla birlikdə Azərbaycan Opera və Balet Teatrında "Xəzər balladası" (T.Bakıxanov), "Qobustan kölgələri" (F.Qarayev), "Yallı", "Azərbaycan süitası" (R.Hacıyev), "Babək" (A.Əlizadə), "Şelkunçik" (P.Çaykovski), 1975-1978-ci illərdə Qara Qarayevin "İldırımlı yollarla" və "Yeddi gözəl" baletlərinə quruluş da vermişdir.
Rəfiqə xanım uzun müddət Əlcəzair, İsveç, Misir və Belçikada pedaqoq-baletmeyster işləmişdir. Ötən əsrin 70-ci illərində Rəfiqə Axundovanın xoş sorağı dünyanın möhtəşəm balet səhnələrindən gəlirdi. O, Novosibirskdə "İldırımlı yollarla" baletinin quruluşunu vermiş, Qahirədə "Yeddi gözəl", Antverpendə "Kaleydoskop" baletlərini (M.Məmmədovla birgə), 1994-cü ildə isə Qara Qarayevin "Yeddi gözəl" baletini (M.Məmmədovla birgə) Ankarada tamaşaya qoymuşdur.
Rəfiqə Axundova ustad xoreoqrafçı milli kinomuzun tarixinə də öz imzasını atmışdır. "Doğma xalqıma", "Dədə Qorqud", "Qərib cinlər diyarında", "Qayınana", "Yeddi gözəl", "Bəyin oğurlanması", "Bir qəlbin iki dastanı" və s. filmlərdə onun quruluş verdiyi özünəməxsus, şux və milli rəqsləri yaddaqalandır.
Rəfiqə Axundova Azərbaycan baletinin inkişafındakı xidmətlərinə "Şərəf nişanı" ordeninə, Xalq artisti fəxri adına layiq görülmüşdür.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin zəngin kolleksiyalarından sizə “Rəfiqə Axundova-90” virtual sərgisini təqdim edirik.







Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.