az | ru | en

11 sentyabr 2020
Üzeyir Hacibəylinin və Müslüm Maqomayevin 135 illiyi münasibətilə



Korifeylərə həsr olunmuş silsilələri davam etdiririk. Bu dəfə sizə muzeyin zəngin kolleksiyalarındanÜzeyir Hacıbəyli və Müslüm Maqomayevin Qori müəllimlər seminariyasının bitirmələri haqqında şəhadətnamələri təqdim edirik.
Üzeyir Hacıbəyov 1899-1904-cü illərdə Qori Müəllimlər Seminariyasında təhsil almışdır.Onun dünyagörüşünün formalaşmasında seminariya böyük rol oynamışdır. Hacıbəyov seminariya illərində qabaqcıl dünya mədəniyyəti ilə yaxından tanış olmuşdur. O, burada Avropa musiqi klassiklərinin əsərlərini mənimsəmiş, skripka və baritonda çalmağı öyrənmiş, xalq mahnı nümunələrini nota köçürmüşdür. Qori seminariyasında Üzeyir Hacıbəyov gələcəkdə Azərbaycan opera musiqisində öz sözünü deyəcək Müslüm Maqomayev ilə tanış olmuşdur.
Seminariyanı bitirdikdən sonra Hacıbəyov 1904-cü ildə Cəbrayıl qəzasının Hadrut kəndinə müəllim təyin edilmişdir. Hadrut kənd məktəbində rus dili, hesab, tarix və musiqidən dərs demişdir.
Müslüm Maqomayev 1899-cu ildə Qori müəllimlər seminariyasına daxil olur. Elə buradan da onun Üzeyir Hacıbəyov ilə dostluğu başlayır. Seminariyada təhsil aldığı müddətdə Müslüm Maqomayev skripka və qoboyda əla çalırdı. Seminariyada çox zaman tələbələrin iştirakı ilə simfonik və nəfəsli orkestrin konsertləri keçirilirdi. Simfonik orkestrin baş ifaçısı olan M.Maqomayev dəfələrlə bu konsertlərdə dirijoru əvəz edərdi. Tələbəlik illərində o, Qafqazyanı xalq yaradıcılığı ilə maraqlanır, Azərbaycan xalq musiqisini öyrənərək xalq mahnılarını nota köçürülüb xor üçün tərtib etmişdir. 1900-cü ildə Parisdə keçirilmiş Dünya Sərgisində onun yığdığı əsərləri təqdim edildi. Tələbəlik illərində o, öz ilk musiqi əsərləri yazmışdı: "Xəyallar" valsı, "Seminarçı" mazurkası və s.
Maqomayev 1904-cü ildə seminariyanı uğurla bitirdiyinə görə skripka və pul mükafatı alır. Seminariyanı bitirdikdən sonra təyinatı üzrə Şimali Qafqaza işə göndərilir. 1905-ci ildən etibarən o, Lənkəranda müəllimlik etməklə məşğul olur.

ŞƏHADƏTNAMƏ
Bu şəhadətnamə Müəllimlər seminariyaları haqqında Əsasnaməyə əsasən, Zaqafqaziya Müəllimlər Seminariyasının Pedaqoji Şurası tərəfindən bəy oğlu, dini məzhəbi müsəlman olan, on səkkiz yaşlı Seminariyanın tələbəsi Üzeyir bəy Əbdülhüseyn oğlu Hacıbəyova ondan ötrü verilir ki, o, əla davranışla aşağıdakı müvəffəqiyyətlər əldə etmişdir:
1) Şəriət dərsi - əla (5)
2) Pedaqogika - əla (5)
3) Rus dili - yaxşı (4)
4) Tatar dili - əla (5)
5) Hesab - yaxşı (4)
6) Həndəsə və torpaqşünaslıq - yaxşı (4)
7) Tarix - yaxşı( 4)
8)Coğrafiya - yaxşı(4)
9) Təbiət - əla (5)
10) Hüsnxət - kafi (3)
11) Rəsm və rəsmxət - əla (5)
12) Tədris üzrə praktik məşğələlər - yaxşı (4)
Bunlardan əlavə tədris olunmuşdur:
1) Nəğmə
a) kilsə
b) dünyəvi;
2) Musiqi
a) simli
b) nəfəs;
3) Kənd təsərrüfatı
a) bostançılıq və bağbanlıq
b) arıçılıq
v) ipəkçilik
4) Cildləmə sənəti
5) Əl əməyi
6) Gimnastika
Bunun nəticəsində o, ibdidai məktəb müəllimi adına layiq görülür və bu vəzifəyə qəbul olunarkən həmin vəzifənin bütün hüquqlarından istifadə etmək ixtiyarına malikdir. Püskatma ilə hərbi mükəlləfiyyətini yerinə yetirərkən təhsil üzrə üçüncü dərəcəyə aiddir və Hərbi mükəlləfiyyət haqqında Nizamnamənin 36-cı maddəsinin 3-cü bəndi ilə təyin olunmuş imtiyaz hüququna malikdir.
Yuxarıda adı qeyd olunan Hacıbəyov “Zaqafqaziya Müəllimlər Seminariyasının Əsasnaməsi”nin 6-cı maddəsinə uyğun olaraq dövlət hesabına təhsil alan tələbə kimi, müdiriyyətin təyinatı ilə altı il müddətində xalq məktəblərində və digər təhsil müəssisələrində müəllim vəzifəsində xidmət etməyə borcludur.
1 iyun 1904-cü il, Qori şəhəri.
Pedaqoji Şuranın sədri, Direktor M.Mironov
Müfəttiş O.Smirnov
Şəriət müəllimi keşiş İ.Simeonov,
Təbiət müəllimi M.Zayats
Rus dili müəllimi V.Karpov,
Coğrafiya müəllimi V.Polevski
Riyaziyyat müəllimi V.Polonski
Gürcü dili müəllimi N.Lomouri
Şəriət müəllimi R.Əfəndiyev
Rəsm və rəsmxət müəllimi A.A.Monibaranov
Məktəbin nəzarətçisi S.Qoqiaçidze
İbtidai sinif müəllimi K.Karakanidze
Tatar dili müəllimi A.Muxtarov
Şuranın katibi şəriət müəllimi Firudin bəy Köçərli

ŞƏHADƏTNAMƏ
Bu şəhadətnamə Müəllimlər seminariyaları haqqında Əsasnaməyə əsasən, Zaqafqaziya Müəllimlər Seminariyasının Pedaqoji Şurası tərəfindən kənd sakininin oğlu, dini məzhəbi müsəlman olan, on səkkiz yaşlı Seminariyanın tələbəsi Əbdülmüslüm Maqomayevə ondan ötrü verilir ki, o, əla davranışla aşağıdakı müvəffəqiyyətlər əldə etmişdir:
Şəriət dərsi
Pedaqogika
Rus dili
“___”____dili
Hesab
Həndəsə və torpaqşünaslıq
Tarix
Coğrafiya
Təbiət
10) Hüsnxət
11) Rəsm və rəsmxət
12) Tədris üzrə praktik məşğələlər
Bütün fənnlərdən əla (5).
Bunlardan əlavə tədris olunmuşdur:
1)Nəğmə
a) kilsə
b) dünyəvi;
2) Musiqi
a) simli
b) nəfəs;
3) Kənd təsərrüfatı
a) bostançılıq və bağbanlıq
b) arıçılıq
v) ipəkçilik
4) Cildləmə sənəti
5) Əl əməyi
6) Gimnastika






xəbərlərə








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.